Humeyir Ahmadov

"Dövlətin təhsil təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir!!!"

Hümeyir Hüseyn oğlu Əhmədov
pedaqogika üzrə elmlər doktoru,
Rusiya DövlətTəhsil akademiyasının akademiki

   Əhmədov Hümeyir Hüseyn oğlu 1958-ci il 14 acqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1965-1975-ci illərdə Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə (hazırda) qəsəbəsində 30 №-li orta ümüumtəhsil məktəbində 1-ci sinfinə qəbul olunmuş, 1975-ci ildə 6-cı m/r 246 №-li ümumtəhsil orta məktəbini əla qiymətlərlə bitirmişdir.

   O, 1975-1979-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda ADPU) riyaziyyat fakultəsinində təhsil almışdır. Ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, təyinatla 1979-1983-cü illərdə Azərbaycan SSR-nin  Dəmir yolu orta  məktəblərində riyaziyyat, fizika və əmək müəllimi işləmişdir. 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmaüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildə A.S.Makarenko adına 12 nömrəli rus dili təmaüllü internat məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-1987-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (Təhsil Problemləri İnstitutu) əyani aspirantı olmuş, 1988-ci ildə 13.00.01 pedaqogika nəzəriy­yəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, kiçik elmi işçidən baş elmi işçi vəzifəsinədək yüksəlmiş, 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi dərəcəsi verilmişdir. 2000-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Təhsil Institutunda elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri vəzifəsində işləyir.

   Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki  Hümeyir Hüseyn oğlu Əhmədov milli təhsil sistemi­nin inkişafı, təkmilləş­diril­məsi, idarə edilməsi sahəsindəki problemlərini həm nə­zəri-konseptual, həm də praktiki baxımdan  ilk dəfə araş­dı­rmış, prosesin dinamikasını izləmişdir. Ali təhsilin keyfiyyətinin yüksəl­dil­mə­si­nin əsas komponentlərini müəyyənləşdirmiş, elmi dövriyyəyə yeni təhsilşü­naslıq anlayışı daxil etmişdir. Təhsilin inkişafının qanunvericilik və normativ-hü­quqi təminatını, təhsi­lin idarə olunmasının dövlət-ictimai əsaslarının forma­laşdı­rılması, tədris müəs­sisələrinin nəzəri və praktiki cəhətdən müs­təqilliyinin genişlən­di­ril­məsi sahəsində müxtəlif mexanizmləri təcrübədən keçirmiş, təhsilin məz­mun və strukturunun yeniləşdirilməsi üzrə araşdırmalar aparmış, onların effektivliyi, tədris müəssisələrinin maddi-texniki bazasının təmin olunması yolları və s. kimi məsələləri qarşılıqlı əlaqədə və reallıqdan çıxış edərək müasir standartlara əsasən qiymətləndirmişdir.

   Tədqiqatlarında təhsil sistemində həyata keçirilən islahatların baş­lan­ma­sın­dan keçən müddət ərzində baş vermiş prosesləri müasirlik möv­qe­yin­dən ilk dəfə  qiymətləndirmişdir. Bu müddət ərzində döv­lət inhisarı ilə, mərkəzi idarəçiliklə, ideoloji tabeçiliklə xarakterizə olu­nan sovet təhsil siste­mindən Avropa ali təhsil məkanına inteqrasiya edən ali təhsil sisteminə keçid proseslərini pedaqoji-psixoloji və aksioloji cəhət­dən dəyərləndirmişdir. Təhsilin hüquqi nizamlanmasının elmi əsaslarını tədqiq  etmiş, ölkədə ilk dəfə olaraq ali məktəblər üçün “Təhsil hüququ” fənninin proqramını və dərsliyini hazırlamışdır.  Bundan başqa ali məktəblər üçün iki dərs vəsaitinin həmmüəllifi, kolleclər üçün ilk dəfə azərbaycan dilində “Pedaqogika” proqramı, dərs vəsaiti və dərsliyini hazırlamış, orta məktəblərin V-VIII sinifləri üçün hazırlanan “Əmək təlimi” və II-IX sinifl şagirdləri üçün “Texnologiya” dərslikləri, dərs vəsaitləri, müəllim üçün metodik vəsaitlərin həmçinin iş dəftərlərinin həmmüəllifidir. 10 monoqrafiyası azərbaycan, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuşdur. Ümumilikdə ümumtəhsil məktəblər üçün iki adda, kolleclər ünün bir adda, ali təhsil müəssisələri üçü dörd adda dərslik və dərsvəsaitlərinin müəllifi və həmmüəlifidir. Müxtəlif illərdə bir sıra ali və orta ixtisas məktəblərində əvəzçiliklə dərs demişdir.

   Onun azərbaycan və ingilis dillərində çap olunmuş “Azərbaycan Təhsilinin İnkişaf Strategiyası” adlı iri həcimli monoqrafiyasında ölkəmizdə təhsil siyasətinin istiqamətlərinin və təhsil sisteminin əsaslı surətdə yeni­dən qurulması prosesində baş vermiş sosial-pedaqoji hadisələrin mürəkkəb­liyi, onun dərin ziddiyyətlərini ətraflı təhlil etmiş, islahatların qaçılmazlığı və labüdlüyünü  əsaslandırmışdır.

   1985-ci ildən SSRİ PEA-nın “Məktəb və pedaqogika tarixi” üzrə problem şurasının üzvü, 2003-cü ildən  ABŞ-ın Minnesota Universitetinin “Təhsilin strateji plan­laş­dırılması üzrə Koordinasiya Şurasının” üzvü və fəxri professorudur. O, 2006-cı ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 2008-ci ildə ona  “YUNESKO müəllimi” fəxri adı olan sertifikat verilmişdir (Kazan şəhəri). 2008-ci ilin sentyabr ayında Rusiya Federasiyasının üçüncü dərəcəli “Долг и честь” ordeni ilə təltif edilmişdir. 2009-cu ildə Rusiya Federasiyası Elm və Təhsil  nazirliyinin pedaqoji elmlərin inkişafında xidmətinə görə “K.D. Uşinski” adına medalla təltif olunmuşdur. 2017-ci ildə RTA-nın “Əməkdar elm və təhsil xadimi” fəxri adın layiq görülüb. ATİAHİ RK-nin100 illiyi medalı – 2021 (№2643), Azərbaycan Respublikası Prezidentinin 05.10.2021-ci il tarixli 2942 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı (I-6259) ilə təltif olunub.

   2003-2005-ci illərdə ARTPİ-nun doktorantı olmuş, 2011-ci idə “Qloballaşma şəraitində Azərbaycan Respublikasında ali təhsilin modernləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmisdir. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın müvafiq qərarı ilə ona pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə isə professor elmi adı verilmişdir.

   2004-cü ildən “Pedaqoqlar sülh və qarşılıqlı anlaşma uğrunda” Beynəlxalq hərəkatının Azərbay­can təşkilatının üzvü, 2005-ci ilin yanvar ayında Moskva şəhərində Pedaqoji və Sosial Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ilin aprel ayında isə həqiqi üzvü, 2006-cı ilin aprel  ayında Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, 2007-ci ilin noyabrında Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. 2008-ci ilin fevralında əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikası “Təhsil Şurası” ictimai birliyinin idarə heyətinin üzvü seçilib. “Qızıl Qələm” media mükafatı laureatıdır. 2008-ci ilin dekabrında Rusiya Hüquq Elmləri Akademiyasının, 2012-ci ilin iyununda isə Rusiya Federasiyasının Təhsilin informatlaşdırılması akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. 2017-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü,  2020-ci ildə isə həqiqi üzvü (akademiki) seçilib. (https://www.famous-scientists.ru/16230/)

   Əhmədov Hümeyir Hüseyn oğlu Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın  Təhsil Problemləri İnstitutunda təşkil olunan (N 02.191 və B/D 02.191), ADPU-nun nəzdində fəaliyyət göstərən (FD 02.061; FD 2.15 və B/D 02.061) dissertasiya şurasının üzvü olmuşdur. AR Tİ-nin “Elmi əsərlər”,  TN-nin “Azərbaycan məktəbi”, “Kurikulum”, “Pedaqogika”, Bakı Qızlar Universitetinin “Elmi əsərlər” jurnallarının, həmçinin Moskvada nəşr olunan “Право и жизнь”, RF AAK-nın tövsiyyə etdiyi siyahıya daxil olan “Муниципальное образование: инновации и эксперимент”,  “Инновационные проекты и программы в образовании” və “Образование. Наука. Научные кадры”, həmçinin Çex respublikasında nəşr olunan “VEDA PERSPEKTIVV” elmi dərgisinin, İndeksli “Revista Genero e İnterdisciplinaridade” jurnallarının redaksiya heyətinin üzvüdür. Apardığı tədqiqatların nəticəsi olan məqalələri müxtəlif ölkələrin çox nüfuzlu (Web of Science” və “Scopus”bazalarına daxil olan) elmi jurnallarındaçap olunur. ABŞ və bir neçə Avropa və Şərq ölkələrində işgüzar səfərdə olmuşdur. Azərbaycanın elm və təhsil sahəsində qazandığı nailiyyətləri xarici ölkələrdə keçirilən elmi sipozium və konfranslarda layiqincə təmisil, təbliğ və təşviq edir. 2018-ci ildə Fransanın Paris şəhərində keçirilən kitab sərgisində “The Strategy of Education Development in Azerbaijan” monoqrafiyası və ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üçün yazdığı “Pedaqogika” adlı dərsliyi “Qızıl medal”la mükafatlandırılmışdır.

   Ümumilikdə müxtəlif ali məktəblərdə iyirmi nəfərdən artıq fəlsəfə və elmlər doktoruna rəhbərlik edir. Hal-hazırda  onun rəhbəri olduğu bir nəfər müdafiə edib diplom alıb, dörd nəfər fəlsəfə doktoru proqramı üzrə doktorant və iki nəfər elmlər doktoru proqramı üzrə doktorant və dissertant ilkin müzakirəni müvəffəqiyyətlə keçib dissertasiyalarını müdafiə üçün dissertasiya şurasına təqdim ediblər.       

   500-dən artıq çap olunmuş elmi əsər: on monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, metodik vəsait  və proqramların müəllifidir. Ümumtəhsil, kollec və atmlər üçün dərslik və dərs vəsaitinin müəllifi və həmmüəlifidir.Əsərləri azərbaycan, türk, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur.

   Azərbaycan Respublikasının “Tərəqqi” və RF-nın “K.D. Uşinski” adına medallı,  “Qabaqcıl təhsil işçisi”, Azərbaycan Respublikası “Təhsil Şurası” ictimai birliyinin idarə heyətinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı, Rusiya Təhsil Akademiyasının xarici üzvü, RTA-nın əməkdar elm və təhsil xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Hüseyn oğlu Əhmədovun qüsursuz səmərəli elmi və pedaqoji fəaliyyətinin 45, rəhbərlik etdiyi Elmi-pedaqoji kadrların hazırlanması şöbsəinin 90 və anadan olmasının  65 illik yubileyi münasibəti ilə pedaqoji ictimaiyyət adından təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirik!

Scroll to Top