Humeyir Ahmadov

"Dövlətin təhsil təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir!!!"

Məqalələr
Mənəvi Borc

Müəllimim Sayalı xanımın əziz ruhuna ithaf edirəm.

Hər qadın ayrıca bir dünya – həyat imiş. Deyilən bu müdrik fikri, uzun illərin yaşam təcrübəsi, ağrılı-şirinli, enişli – yoxuşlu ömrün müəyyən zivəsinə çatanda anlayırsan, öz həyat tərzində duyursan. Əlbətdə, bu isti, əziz duyğuların ünvanı Analardır. Ancaq Sayalı xanım, mənim, bizim (Bakı ş., Binəqədi r-nu 246 №li orta ümümtəhsil məktəbinin, 1975-ci il buraxılışı) sinifin düz 40-45 il öncə müəllimi olub. Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün də ağırdır. Elə adı, cadə görünür ki, bu ifadə: “müəllimim olub”. Fəqət ilk təqdimatda belə ola bilər: illərin, on illiklərin uzaqlığı, həyat mənzərələrimizin tam dəyişməsi, böyük itkilər, qazanclarımızın fonunda Sayalı müəlliməyə minnətdarlıq hissimiz daha çox artıb,onunla bağlı təəssuratlar,xatirələr yenə də canlı və əzizdir.Səyalı müəllimənin daima gülən üzü, məhəbətlə bizlərə baxan gözləri, gözəl siması, bizə öz övladı kimi əsirgəmədiyi qayğısını bu gün də şağidləri minnətdarlıqla xatırlayır. Bu elə yanaşma, elə bir hiss idi ki, biz ona müəllimdən çox məktəbdəki anamız – hamımız kimi qəbul edirdik. Çox xanım-xatın, zövqlə geyinən, səsini heç bir halda ucaltmayan, ahəngini, tərzini, pozmayan, heç kəsi incitməyən mərhəmətli, ipək kimi gördük həmişə Onu. Amma, Sayalı müəllimə həm də o qədər ciddi, intizamlı idi ki, bu bizə təsir edirdi, heç kəs onun dərsinə gecikməz, dərsindən qalmaz, dəftəri, albomu, kitabı yerində olardı.

Bizlər, həftədə iki dəfə olan “Biologiya” və ya “Zoologiya” dərslərini səbirsizliklə gözləyərdik ki, indi Səyalı müəllimə səbrlə, diqqətlə sənə yanaşacaq, başını tumarlayacaq, köynəyinin yaxasını, saçının lentini, pioner qalstukunu şəfqətli əlləri ilə tumarlayacaq, qaydasına salacaq, əyər-əksiyini (əsasən də qızların) çox sakitcə qulağına pıçıldayacaq. Elə həvəslə, müxtəlif avadanlıqların köməyi ilə təcrübələri bizə göstərərdi, onu təkrar etmək üçün sinfimizdə böyük rəqabət, canatmalar başlayardı, bu tablonu, bu ovqatı heç zaman unuda bilmirəm…Sayalı müəllimə sanki dünyaya yaxşılıq etmək, xeyirxah işlər görmək üçün gəlmişdi. Biz kiçik bir qəsəbədə, eyni məktəbdə oxuduğumuzdan ailələrimizi, bizdən yuxarı siniflərdə oxuyan bacı-qardaşlarımızı müəllimlərimiz tanıyardı. Bu doğmalığı bir az da müəllimlərimiz, o cümlədən Sayalı müəllimə yaratmışdı; yeri gələndə valideynlərimizin halını, sağlamlığını, bacı-qardaşlarımızın məktəbdəki uğurlarını bizim dərslərdə fərəhlə qeyd edərdilər. Sayalı müəllimə böyük qürurla yetirməsinin – mənim bacımın orta məktəbi qızıl medalla bitirib, onun fənnindən –  biologiyadan  “5 qiymət” alıb Tibb Universitetinə (o zaman N.Nərimanov adına Tibb İnstitutu adlanırdı) daxil olmasını öz övladının, özünün uğuru kimi, söyləyərdi, böyük qardaşımın gözəl rəssam olacağını böyük sevinclə, ümidlə arzu edərdi. Yenə də təkrar edirəm: hamıya diqqətli və şəfqətli idi, heç kəsdən qayğısını, xoş sözlərini, umidverici gözlərini əsirgəməzdi,maraqlı o idi ki, çox nadir hallarda “iki” alan şagirdləri də onu məhəbbətlə xatırlayırlar. Onun neçə-neçə yetirməsi, şagirdləri ali məktəblərə daxil oldu, onun yolunu davam etdirən çox oldu, həyatda müəyyən uğurlar qazandı, ailə sahibi oldu. Uzun illər sonra, müəyyən həyat nəticələrinin sonunda yada salınası, xatırlanası hadisələr, insanlar sırasında Səyalı müəllimənin yeri, xatirəsi çox özəldir – ucadır.

Allahı da ona hər şeyi səxavətlə bəxş etmişdi: daxili gözəlliyinə tam bərabər xarici yaraşığı ilə yanaşı gözəl ürək, mərhəmət hissi, hamıya sevgi göstərmək bacarığı. Bu sadalanlardan ən çox ona uyğun gələni isə sonsuz təvazökarlığı idi, sadəliyi idi. Valideynləri də ona Sayalı adı qoymaqla sanki gələcək ömrünü yönəltdilər: yəni əli sayalı olacaq, niyyəti, ürəyi sayalı olacaq, hər gördüyü iş düşərli olacaq. Belə görmək istəyirdilər, arzu edirdilər… bu gün, illər sonra onu tanıyan biri kimi ürəklə deyə bilirəm ki, Sayalı xanım ömrünü bu məramla keçirdi. O, yalnız məktəbin yox, rayonun və şəhərin ictimai həyatında da fəal iştirak etmişdir. Dəfələrlə rayon və şəhər Sovetlərinin deputatı seçilmiş, fəal vətandaşlıq mövqeyi nümunəsini şagirdlərinə də təlqin etmişdir. Onu beləcə gördük, belə sevdik, belə xatırlayırıq. Güman edirəm ki, biz durduqca, şagirdləri var olduqca, bu hisslər və xatirələr də onun şagirdləri ilə bu dünyanı paylaşacaq. Onun əməyi dövlətimiz və hökumətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Övladları da onu yaşadırlar əməlləri ilə, ikisi pedaqoji sahədə çalışır, biri həkim, digər hərbiçi, nəvələrindən ikisi həkimdir.

Əziz Sayalı müəllimin həyatda olmadığı bu bir il, onun yalnız fiziki yoxluğuna aid ola bildi. Təbiət bu qanunu bizsiz qəbul edib, insanın cismani ömrünü qısa seçib. Amma əziz insanların, doğmalarımızın mənəvi ömrü bizlərlə birgə yaşamaqda davam edir. Bu günlərdə 80 yaşı tamam olacaqdı əziz və unudulmaz müəllimimizin. Sayalı xanım Əhmədovanın – əziz müəllimimizin solmaz xatirəsi, onu tanıyanların, şagirdlərinin ürəyində, yaddaşında daima canlı olacaqdır.

                                                                                       Xatirə Bəşirli
                                                      filologiya üzrə elmlər doktor, professor
                                                     AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
            Muzeyinin elmi işlər üzrə direktor müavini
Scroll to Top